Remainder inadmissible (Art. 35) Admissibility criteria;Violation of Article 14+8 - Prohibition of discrimination (Article 14 - Discrimination) (Article 8-1 - Respect for family life;Respect for private life;Article 8 - Right to respect for private and family life);Pecuniary damage - claim dismissed (Article 41 - Pecuniary damage;Just satisfaction);Non-pecuniary damage - award (Article 41 - Non-pecuniary damage;Just satisfaction); Violation: 8;8-1;14;14+8
Volltext (verifizierbarer Originaltext)
Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 193 Fevral 2016-cı il *** Di Trizio (Di Trizio) İsveçrəyə qarşı – ərizə № 7186/09 2.2.2016 tarixli qərar [II Bölmə] Maddə 14 Ayrı-seçkilik Əlillik müavinətlərinin hesablanması metodunun praktikada qadınlara qarşı ayrı-seçkilik təşkil etməsi: pozuntu baş verib Maddə 8 8-ci maddənin 1-ci bəndi Ailə həyatına hörmət hüququ Şəxsi həyata hörmət hüququ Əlillik müavinətlərinin hesablanması metodunun faktiki olaraq qadınlara qarşı ayrı-seçkilik təşkil etməsi: 8-ci maddə bu işə tətbiq edilə bilər Faktlar
– Ərizəçi tam iş günü əsasında işləyirdi. 2002-ci ildə o, belindəki problemlərlə əlaqədar olaraq əmək fəaliyyətini dayandırmalı oldu. 2003-cü ilin oktyabrında o, belinin aşağı hissəsindəki və onurğasındakı ağrılarla əlaqədar olaraq əlillik müavinəti üçün müraciət etdi. 2004-cü ilin fevralında o, dünyaya əkiz uşaqlar gətirdi, hamiləlik dövründən sonra belindəki ağrılar gücləndi. 2005-ci ildə onun evində ailə vəziyyətinin qiymətləndirilməsi aparılarkən ərizəçi konkret olaraq bildirdi ki, təkcə ərinin qazancı kifayət etmədiyinə görə onun özü natamam iş günü əsasında işləmək məcburiyyətindədir. Ona 2002-ci ildən 2004-cü ilin mayınadək əlillik müavinəti təyin edildi. Lakin 2004-cü ilin mayından etibarən ərizəçiyə "kombinə olunmuş" metod tətbiq edilməyə başladı və belə əsas gətirildi ki, ərizəçinin əlilliyi olmasaydı belə, uşaqları doğulduqdan sonra onsuz da tam iş günü əsasında işləməyəcəkdi. Bu metodun tətbiqi digər mülahizələrlə yanaşı ərizəçinin bu sözlərinə əsaslanmışdı ki, o, yalnız natamam iş günü əsasında işləyə bilir, qalan vaxtını isə ev təsərrüfatına və uşaqlarına həsr etmək istəyir. Hesablamanın bu üsulunun tətbiqi nəticəsində ərizəçi daha əlillik müavinəti almadı. Məhkəmədəki icraatda ərizəçi iddia etdi ki, kombinə olunmuş metodun tətbiqi ödənişli işi olmayan şəxslərlə, habelə ev təsərrüfatı ilə məşğul olmayan və ya qulluğa ehtiyac olan uşaqları olmayan və bu səbəbdən tam iş günü əsasında işləyə bilən şəxslərlə müqayisədə onun kimi şəxsləri ayrı-seçkiliyə məruz qoyub, belə ki, kombinə olunmuş metod bu halların heç birinə şamil olunmur. Hüquqi məsələlər
– 8-ci maddə ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddə a) 8-ci maddə ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddənin bu işə tətbiqinin mümkünlüyü məsələsi
– Valideynlərdən birinin uşağa qulluq üçün evdə qalmasına imkan yaradan tədbirlər ailə həyatını təşviq edir və beləliklə onun təşkili qaydasına təsir göstərir; buna görə də belə tədbirlər 8-ci maddənin tətbiq dairəsinə düşür. Hazırkı iş, bir qədər fərqli qaydada olsa da, ailə həyatının təşkili ilə də əlaqədar idi. Əldə olan statistika göstərir ki, kombinə olunmuş metod əksər hallarda uşaq doğduqdan sonra natamam iş günü əsasında işləmək istəyən qadınlarla əlaqədar idi. Ərizəçinin işi üzrə qərarında Federal Məhkəmə təsdiq etdi ki, kombinə olunmuş metod bəzi hallarda müavinətin itirilməsi ilə nəticələnə bilər və bu mülahizə xüsusən uşaq doğduqdan sonra natamam iş günü əsasında işləyən qadınlara aiddir. Kombinə olunmuş metodun ərizəçiyə tətbiqi onun və ərinin ailə daxilində vəzifələrini necə böləcəklərinə dair qərar vermələrinə və beləliklə onların ailə həyatının və karyeralarının təşkili məsələsinə təsir göstərə bilərdi. Bundan başqa, Federal Məhkəmə aydın şəkildə təsdiq etmişdi ki, ailə məsələləri səbəbindən natamam iş günü əsasında işləyən şəxslər əlil olduqları təqdirdə kombinə olunmuş metod onlar üçün mənfi təsirlərə səbəb ola bilərdi. Bu mülahizələr Məhkəmənin bu qənaətə gəlməsi üçün yetərli idi ki, bu şikayət 8-ci maddənin "ailə həyatı" aspektinin tətbiq dairəsinə düşür. Bu iş 8-ci maddənin "şəxsi həyat" aspektinə də aiddir, belə ki, bu aspekt şəxsiyyətin inkişaf və sərbəstlik hüququnu təmin edir. Kombinə olunmuş metod natamam iş günü əsasında işləyən şəxsləri tam iş günü əsasında işləyən və ümumiyyətlə işləməyən şəxslərlə müqayisədə bu və ya digər dərəcədə əlverişsiz vəziyyətə saldığına görə, istisna etmək olmadı ki, əlillik müavinətlərinin hesablanmasının bu metodu birinci kateqoriyaya aid olan şəxslərin öz şəxsi həyatlarını işləri, evdəki vəzifələri və uşaqlara qulluq etmələri arasında necə böləcəklərinə dair seçim etmələrini məhdudlaşdırmış olacaq. Kombinə olunmuş metodun təsirinə məruz qalan insanların böyük əksəriyyəti uşaq doğduqdan sonra iş saatlarının azaldılmasını işləyən qadınlar idi. Müvafiq olaraq, ərizəçi cinsi mənsubiyyət əsasında ayrı-seçkiliyə məruz qaldığını iddia edə bilər. Buradan belə nəticə çıxır ki, 8-ci maddə ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddə bu işə tətbiq edilə bilər. Ərizəçiyə əlillik müavinəti təyin etməkdən imtina edilməsinin həm də əlillik əlamətinə əsaslanan ayrı-seçkilik təşkil edib-etmədiyini araşdırmağa ehtiyac yoxdur. b) 8-ci maddə ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddəyə riayət edilib-edilməməsi məsələsi i) Hazırkı işdə dolayı ayrı-seçkilik ehtimalının mövcudluğu
– 2009-cu ildə kombinə olunmuş metod əlillik müavinətlərinə dair bütün qərarların 7,5%-inə tətbiq edilmişdi. Həmin halların 97%-i qadınlara aid idi. Bu rəqəmlər kifayət qədər mötəbər olan və dolayı ayrı-seçkilik ehtimalının mövcudluğundan xəbər verən rəqəmlər hesab edilə bilər. ii) Fərqli rəftar üçün obyektiv və əsaslı səbəb var idimi
– Əlilliyə görə sığorta sisteminin məqsədi şəxsin sağlamlıq durumu normal olduğu zaman yerinə yetirmək iqtidarında olduğu ödənişli işi və ya gündəlik işlərini əlillik səbəbindən daha yerinə yetirmək iqtidarında olmaması riskinə qarşı sığortalanmasından ibarət idi. Bu, qeyd edilən fərqli rəftara haqq qazandıran qanuni məqsəd idi. Bu məqsəd özü-özlüyündə bu cür sığorta sisteminin mahiyyətinə və məhdud imkanlarına uyğun idi, belə ki, bu sistemin resursları məhdud idi, buna görə də xərclər üzərində nəzarət bu sistemin aparıcı prinsiplərindən biri idi. Bununla belə, bu məqsəd cinslərin bərabərliyi (gender bərabərliyi) tələbinin işığında qiymətləndirilməlidir. Bu əlamətə görə fərqli rəftarın Konvensiyaya uyğun sayılması üçün olduqca ciddi səbəblər göstərilməlidir. Beləliklə, bu məsələdə dövlətlərin qiymətləndirmə sərbəstliyinin hüdudları çox məhduddur. Ərizəçi tam iş günü əsasında işləsəydi və ya vaxtını bütünlüklə ev təsərrüfatına həsr etsəydi, əlilliyə görə müavinətin müəyyən hissəsini ala bilərdi. Buradan açıq-aydın belə nəticə çıxır ki, onun müavinət almaq hüququnun rədd edilməsi onun bu sözlərinə əsaslanmışdı ki, uşaqlarına qulluq edə və ev işləri ilə məşğul ola bilməsi üçün iş saatlarının azaldılmasını istəyir. Uşaq doğduqdan sonra natamam iş günü əsasında işləmək istəyən qadınların böyük əksəriyyəti üçün kombinə olunmuş metod praktikada ayrı-seçkilik mənbəyi idi. Bundan başqa, kombinə olunmuş metodun tətbiqi müəyyən dövrdə ölkənin müəyyən dövlət orqanları və şərhçiləri tərəfindən tənqidlərə məruz qalmışdı. Bunlar açıq-aydın onun əlamətləri idi ki, kombinə olunmuş metod qadınların haqlı olaraq öz ailə həyatlarını və karyeralarını getdikcə daha çox uzlaşdırmağa can atdıqları müasir cəmiyyətdə gender bərabərliyinə nail olmağa yönələn səylərə daha cavab vermirdi. Bundan başqa, uşaq doğduqdan sonra natamam iş günü əsasında işləmək seçimini etmiş qadınların bu qərarını daha çox nəzərə alan alternativ hesablama metodlarından istifadə etmək mümkün idi. Bunun sayəsində əlillik sığortasının məqsədlərinə xələl gətirmədən gender bərabərliyi məqsədinə daha çox nail olmaq mümkün olardı. Bu ümumi mülahizələrdən əlavə, ərizəçiyə əlilliyə görə müavinətin hətta müəyyən hissəsini təyin etməkdən imtina edilməsi, hətta onun natamam iş günü əsasında işləmək iqtidarında olduğunu fərz etsək belə, ərizəçi üçün mühüm praktiki nəticələrə səbəb olmuşdu. Yuxarıdakıları nəzərə alsaq, ərizəçinin məruz qaldığı fərqli rəftar üçün əsaslı səbəb yox idi. Nəticə : pozuntu baş verib (üç səsə qarşı dörd səslə). Maddə 41: Mənəvi ziyana görə 5.000 avro təyin edildi; maddi ziyanla bağlı tələb isə rədd edildi. (Həmçinin Avropa İttifaqı Məhkəməsinin aşağıdakı iş üzrə qərarına bax: Lourdes CachaldoraFernández v Instituto Nacional de la Seguridad Social (INSS) and Tesorería General de la Seguridad Social (TGSS), C-527/13, 14 aprel 2015-ci il, 184 saylı Məlumat bülleteni)