opencaselaw.ch

69698/01

CASE OF STOLL v. SWITZERLAND - [Azerbaijani Translation] legal summary by the COE Human Rights Trust Fund

Hudoc Ch · 2007-12-10 · Français CH
Source Original Export Word PDF BibTeX RIS

No violation of Art. 10; No violation: 10

Volltext (verifizierbarer Originaltext)

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (

www.coe.int/humanrightstrustfund

) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.

© Council of Europe/European Court of Human Rights, 2012.

This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (

www.coe.int/humanrightstrustfund

). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.

La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (

www.coe.int/humanrightstrustfund

). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.

Ştoll İsveçrəyə qarşı [Böyük Palata] (Stoll v. Switzerland [GC])

, ərizə № 69698/01

10.12.2007-ci il tarixli qərar [Böyük Palata]

10-cu maddə

10-cu maddənin 1-ci bəndi

İfadə azadlığı

Konfidensial hesab edilən strateji xarakterli diplomatik sənədi dərc etdiyinə görə jurnalistin məhkum edilməsi:

pozuntu baş verməyib

Faktlar

– Bu iş peşəsinə görə jurnalist olan ərizəçinin Amerika Birləşmiş Ştatlarındakı İsveçrə səfirinin konfidensial məruzəsini mətbuatda yaydığına görə cərimə cəzasına məhkum edilməsi ilə əlaqədardır, həmin məruzə İsveçrə Hökumətinin konkret olaraq Holokost qurbanlarına kompensasiya məsələləri çərçivəsində İsveçrə banklarında depozitə qoyulmuş, lakin tələb olunmayan aktivlərlə əlaqədar Ümumdünya Yəhudi Konqressi və İsveçrə Bankı ilə danışıqlardakı strategiyasına aid idi.

1996-cı ilin dekabrında İsveçrənin ABŞ-dakı səfiri yuxarıda qeyd edilən danışıqlarla əlaqədar olaraq "konfidensial" xarakterli "strateji sənəd" hazırladı. Sənəd Berndə yerləşən Federal Xarici İşlər Departamentində bu məsələyə görə cavabdeh olan vəzifəli şəxsə, surəti isə İsveçrə Hökumətində və digər federal hakimiyyət orqanlarında, habelə İsveçrənin Təl-Əviv, Nyu-York, London, Paris və Bonndakı diplomatik nümayəndəliklərində çalışan 19 nəfər digər şəxsə göndərildi. Güman ki, ərizəçi sənədin surətini məxfi sənədləri açıqlamamaq öhdəliyini pozan, amma kimliyi naməlum qalan bu şəxslərin birindən əldə etmişdi.

Sürixdə bazar günləri çıxan qəzet ərizəçinin "Səfir Yaqmetti yəhudiləri təhqir edir" və "Xalatda və alpinist çəkmələrində olan səfir ayaqlarını masanın üzərinə qoyur" başlıqlı iki məqaləsini dərc etdi. Ertəsi gün Sürixdə çıxan gündəlik qəzet strateji sənədin xeyli hissəsini, digər qəzet isə sənəddən çıxarışları dərc etdi.

Məhkəmə Cinayət Məcəlləsinin 293-cü maddəsində nəzərdə tutulmuş əmələ – "rəsmi müzakirələrin məxfi məlumatlarını" yaymağa görə ərizəçini 800 İsveçrə frankı (təxminən 476 avro) məbləğində cərimələdi. Ərizəçinin bu hökmdən verdiyi şikayətlər sonuncu instansiyada Federal Məhkəmə tərəfindən rədd edildi.

Bundan başqa, İsveçrə Mətbuat Şurası Holokost qurbanlarının aktivləri ilə əlaqədar ictimai müzakirələrin həmin məqamda mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq məqalələrin dərcini hüquqa uyğun hesab etsə də, qərara aldı ki, ərizəçi səfirin fikirlərini sensasiya və şok xarakterli fikirlər kimi təqdim etməklə, strateji sənədi natamam şəkildə dərc etməklə və sənədin aid olduğu hadisələri yetərincə açıqlamamaqla məsuliyyətsizliyə yol verib. Mətbuat Şurası əlavə etdi ki, digər qəzetlər məsələyə düzgün yanaşaraq strateji sənədi, demək olar ki, ixtisarsız dərc ediblər.

Hüquqi məsələlər

– Prosessual məsələlər: Məhkəmənin Palatasının qərarında üç səsə qarşı dörd səslə müəyyən edildi ki, 10-cu maddə pozulub. İsveçrə Hökumətinin müraciətindən sonra Konvensiyanın 43-cü maddəsinə uyğun olaraq iş Böyük Palatanın icraatına verildi.

Şikayətin mahiyyətinə aid məsələlər: Ərizəçinin məhkum edilməsi onun ifadə azadlığı hüququnu həyata keçirməsinə dövlət orqanları tərəfindən müdaxilə təşkil edirdi, bu müdaxilə İsveçrə Cinayət Məcəlləsində nəzərdə tutulmuşdu və "gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaqdan" ibarət qanuni məqsəd daşıyırdı. Böyük Palata vurğuladı ki, Beynəlxalq müqavilə hüququ haqqında 1969-cu il tarixli Vyana Konvensiyasının 33-cü maddəsinin 3-cü bəndini, habelə Avropa Konvensiyasının mətni hazırlanarkən bunun əksinə dəlalət edən hər hansı göstərişlərin olmadığını nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində yer alan "gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq" ifadəsi konfidensiallığa riayət etmək öhdəliyini daşıyan şəxslərlə yanaşı, həmçinin üçüncü şəxslər tərəfindən, məsələn, bu işdə olduğu kimi jurnalist tərəfindən konfidensial məlumatların açıqlanmasına da şamil olunur.

Beləliklə, Məhkəmənin həll etməli olduğu əsas məsələ ondan ibarət idi iki, müdaxilə "demokratik cəmiyyətdə zəruri" idimi? Bu məsələ ilə bağlı Böyük Palata ilk növbədə təsdiq etdi ki, 10-cu maddə jurnalistlər tərəfindən konfidensial və ya məxfi məlumatların açıqlanmasına şamil olunur.

Tələb olunmayan aktivlər məsələsi təkcə mühüm maliyyə maraqları ilə əlaqədar məsələ deyildi, həm də mühüm mənəvi əhəmiyyət daşıyan və geniş mənada beynəlxalq ictimaiyyətə aidiyyəti olan məsələ idi. Beləliklə, İsveçrənin dövlət orqanları tərəfindən görülmüş tədbirin zəruriliyi məsələsini qiymətləndirərkən Məhkəmə bu məsələni araşdırmalı idi ki, ziddiyyət təşkil edən ictimai maraqlarla dövlət orqanlarının maraqları arasında, yəni oxucuların aktual məsələlər barədə məlumat əldə etmək maraqları ilə dövlət orqanlarının aparılan diplomatik danışıqların müsbət və qaneedici nəticələrini təmin etmək maraqları arasında balansa riayət edilmişdimi?

Mübahisəli məqalələrdə əsas etibarı ilə səfirin şəxsiyyətinə və fikirlərini ifadə etmək tərzinə diqqət yetirilsə də, bu məqalələr həmin dövrdə İsveçrədə qızğın müzakirə olunan, tələb olunmayan aktivlərlə bağlı ictimai müzakirələrə şərait yarada bilərdi. Beləliklə, ictimaiyyət bu məqalələrin dərcində maraqlı idi.

İsveçrənin dövlət orqanlarının müdafiə etdikləri maraqlara gəlincə, diplomatların konfidensial və ya məxfi məlumatların mübadiləsini həyata keçirə bilməsi diplomatik xidmət üçün və beynəlxalq münasibətlərin normal gedişatı üçün önəmli idi. Lakin diplomatik məruzələrin konfidensiallığını nəyin bahasına olursa-olsun qorumaq düzgün olmazdı və maraqlardan hansının daha üstün olduğunun qiymətləndirilməsində dərc edilmiş məlumatların məzmunu və onların dərc edilməsinin yarada biləcəyi potensial təhlükə mühüm əhəmiyyət kəsb edirdi. Hazırkı işdə səfirin məruzəsinin həmin məqamda açıqlanması İsveçrənin başladığı danışıqların uğurla aparılmasına mənfi təsir göstərə bilərdi və bu baxımdan təkcə səfirin ifadə etdiyi fikirlərin məzmunu deyil, həm də onların ərizəçi tərəfindən necə təqdim edilməsi əhəmiyyətli amil idi.

Beləliklə, səfirin məruzəsinin qismən də olsa açıqlanması ümumən diplomatik danışıqların uğurla aparılması üçün zəruri olan məxfilik mühitini poza və xüsusən İsveçrə tərəfindən aparılan danışıqlara mənfi təsir göstərə bilərdi. Bundan başqa, ərizəçinin məqalələrinin həssas bir məqamda dərc edildiyini nəzərə alsaq, onlar İsveçrənin dövlət orqanlarının maraqlarına əhəmiyyətli ziyan yetirə bilərdi.

Ərizəçinin hərəkətlərinə gəlincə, o, jurnalist olaraq bilməli idi ki, məruzənin açıqlanması Cinayət Məcəlləsinə əsasən cəzalandırılan əməldir. Məqalələrin formasının jurnalist etikasına uyğunluğu məsələsi böyük əhəmiyyət daşıyırdı. Əslində ərizəçinin məqalələri sadələşdirilmiş xarakter daşıyırdı və orada faktlar təhrif olunmuşdu, məqalədə istifadə edilmiş ifadələr isə oxucunu belə düşünməyə sövq edirdi ki, səfirin işlətdiyi sözlər antisemit niyyətlidir. Ərizəçinin məqalələri çox asanlıqla geniş söz-söhbətlərə və müzakirələrə səbəb oldu və onlar, şübhəsiz ki, səfirin vəzifədən azad edilməsinə şərait yaratdı, bu müzakirələr tələb olunmayan aktivlər məsələsinin əsasını təşkil edən hadisələrdən biri ilə, yəni İkinci Dünya Müharibəsində yəhudilərə qarşı törədilmiş qəddarlıqlarla əlaqədar idi. Məhkəmə xatırlatdı ki, bu tipli iddialara və ya ehtimallara yanaşmada qətiyyət nümayiş etdirilməlidir. Bundan başqa, sensasiya xarakterli başlıqlarla verilmiş mübahisəli məqalələrin yazılma üslubu tələb olunmayan aktivlər məsələsi kimi mühüm və ciddi mövzu üçün məqsədəuyğun deyildi. Nəhayət, ərizəçinin məqalələri həmçinin qeyri-dəqiqliyi ilə seçilirdi və oxucunu azdıra bilərdi.

Bu halları, habelə məqalələrdən birinin İsveçrədə bazar günü çıxan böyük tirajlı qəzetin birinci səhifəsində verildiyini nəzərə alaraq, Məhkəmə İsveçrə Hökumətinin və Mətbuat Şurasının bu rəyi ilə razılaşdı ki, ərizəçinin əsas niyyəti ictimaiyyəti ümumi maraq doğuran bu mövzu barədə məlumatlandırmaq deyil, səfirin məruzəsini lüzumsuz qalmaqal obyektinə çevirmək idi. Təhriflərlə və sadələşdirilmiş formada yazılmış məqalələr oxucuda səfirin şəxsiyyəti və imkanları ilə bağlı yanlış rəy yarada bilərdi, bu isə Konvensiyanın 10-cu maddəsi ilə qorunan ictimai müzakirələrə həmin məqalələrin verə biləcəyi töhfəyə böyük ziyan yetirmişdi. Beləliklə, Məhkəmə bu qənaətə gəldi ki, ərizəçiyə tətbiq edilmiş cərimə qarşıya qoyulan məqsədə mütənasib idi.

Nəticə

: pozuntu baş verməyib (beş səsə qarşı on iki səslə).

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.

Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (

www.coe.int/humanrightstrustfund

) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası (

http://hudoc.echr.coe.int

) və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün

[email protected]

ilə əlaqə saxlayın.

© Council of Europe/European Court of Human Rights, 2012.

The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (

www.coe.int/humanrightstrustfund

). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (

http://hudoc.echr.coe.int

) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact

[email protected]

.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.

Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (

www.coe.int/humanrightstrustfund

). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (

http://hudoc.echr.coe.int

), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante

:

[email protected]